BANM-də Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova Xocalı faciəsinin dünya tarixinə qanla yazılmış bir səhifə olduğunu və bu soyqırımın beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirlərin və sərgilərin təşkili şöbəsinin tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi "Xocalı soyqırımı: Dehumanizasiyanın tarixi izləri" adlı təqdimatı olub. Eləcə də Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev çıxış edib.
Bildirilib ki, Xocalı faciəsi bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da bu faciəni xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edirlər.
Qeyd olunub ki, BANM-də dərslər bir dəqiqəlik sükutla başlayıb, eləcə də kitabxanada Xocalı faciəsini əks etdirən xüsusi guşədə sənədli və bədii əsərlərdən ibarət kitab sərgisi fəaliyyət göstərib. Gün ərzində Xocalı soyqırımını əks etdirən fotoslayd yayımlanıb.