İQTİSADİYYAT
“BARMEK” ELEKTRİK SAYĞACLARINI KİMİN HESABINA VƏ NECƏ QURAŞDIRIR?
“Barmek-Azərbaycan” elektrik şəbəkəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, Bakı şəhərində əhali üzrə 434 min abonentdən 80 mininin mənzilində elektrik sayğacı quraşdırılmışdır. “Barmek” sayğacları yalnız əhali üzrə abonentlərə pulsuz verir. Belə ki, əgər mənzildə, ümumiyyətlə, sayğac olmayıbsa, abonent quraşdırma haqqı kimi cəmi 72 min manat ödəyir. Əksinə, əgər olubsa, həmin sayğac “Barmek”in xüsusi labaratoriyasında nəzarətdən keçirilir və ona surğuclar vurulur.
Abonentlərin hamısının mənzilində sayğac quraşdırılmasını qısa müddətdə başa çatdırmaq, sadəcə, fiziki cəhətdən mümkün deyildir. “Barmek” çalışır ki, bu məsələ cari ilin sonunadək öz həllini tapsın. Hazırda sayğacı olmayan abonentdən alınan enerji haqqı isə hələlik Azərbaycan Respublikasının qanunları cərcivəsində, o cümlədən dünya təcrübəsində mövcud olan üsullarla, həm də yay-qış mövsümündə enerji sərfində yaranan fərqə uyğun hesablanır. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, “Barmek” müsabiqə əsasında sayğacların ən ucuz və keyfiyyətlisini alır.