Baş direktor: Qazaxıstan türk dövlətlərinin birgə peykinin orbitə çıxarılması layihəsini dəstəkləyir
Bakı, 26 aprel, AZƏRTAC
“Qazaxıstan türk dövlətlərinin birgə peykinin buraxılması layihəsini dəstəkləyir”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən STC2025 Kosmik texnologiya konfransında “Ghalam” MMC-nin baş direktoru Kayırjan Kojayev deyib.
“Bir gün əvvəl Bakıda keçirilən müzakirələr zamanı türk dövlətlərinin kosmik agentliklərinin nümayəndələri mühüm razılaşmalar əldə ediblər və müsbət əhvali-ruhiyyədədirlər. Düşünürəm ki, yaxın vaxtlarda ölkələr arasında müvafiq razılaşmalar əldə olunacaq. Nəticə bütün TDT ölkələrinin əməkdaşlığından asılıdır”, - deyə Kayırjan Kojayev qeyd edib.
O, həmçinin bildirib ki, Qazaxıstanda Ay teleskopunun layihəsi hazırlanır.
“Məhsul tamamilə elmidir və bu işə “Ghalam” və Qazaxıstanın Astrofizika Tədqiqatları İnstitutu cəlb olunub. Hazırda teleskopun dizaynı hazırlanır. Mən əminəm ki, 2029-2030-cu illərdə tərəfdaş tapılacaq və ilk Ay teleskopu hazırlanacaq. Bu, birgə layihə olacaq. Əsas mərhələdə o, hələ ki, Qazaxıstanın gücü sayəsində həyata keçirilir”, - deyə K.Kojayev bildirib.