BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
İdarənin şöbə rəisi Ərəstun Məcidov AZƏRTAC-a bildirmişdir ki, son zamanlar ölkə ərazisində xüsusən Bakı şəhərində yol-nəqliyyat hadisələrinin çoxalması və hadisələr zamanı həlak olanların, yaralananların sayının artması ciddi narahatlıq doğurur. Bu barədə Daxili İşlər Nazirliyinin əməliyyat müşavirəsində, Nazirlər Kabinetində keçirilən tədbirlərdə söhbət getmiş, vəziyyəti yaxşılaşdırmaq üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu mənada, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair ölkə başçısının imzaladığı Sərəncamın icrası ilə əlaqədar dövlət yol polisi əməkdaşları qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov qeyd etmişdir ki, bütün səylər sərəncamdan irəli gələn tədbirlərin icrasına yönəldilməli, Bakı şəhərində qəza hallarının qarşısının alınması üçün təxirəsalınmaz işlər görülməlidir. O, bəzi yol polisi idarəsi və şöbələrinin rəislərinə ciddi tapşırıqlar vermiş, qarşıya qoyulan vəzifələrin icrası üçün müddət müəyyənləşdirmiş, qaydaları pozanlara qarşı qətiyyətlə mübarizə aparılmasını tələb emişdir.
Müşavirədə xüsusi vurğulanmışdır ki, sürət məhdudiyyəti ilə bağlı keçirilən aylıq uğurla başa çatdırılmalı, bu tədbir yol-nəqliyyat hadisələrinin azaldılmasında dönüş mərhələsi olmalıdır.
Tədbirə yekun vuran Ramiz Zeynalov demişdir ki, hər bir yol polisi əməkdaşı bütün qüvvə və bacarığını ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin dönmədən yerinə yetirilməsinə səfərbər etməlidir. O, ölkədə, xüsusilə paytaxtda bu sahədə dönüş yaradılacağına əmin olduğunu bildirmişdir.