Baş konsul: Xocalı soyqırımı erməni faşizminin iç üzünü açan bəşəri cinayətdir
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Xocalı şəhərində törədilmiş faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırımına həsr olunmuş film və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib, ehsan süfrəsi açılıb.
Tədbirdə çıxış edən baş konsul Əliyənnağı Hüseynov deyib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayət əməli nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə, 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib.
“Xocalı soyqırımı erməni faşizminin iç üzünü açan bəşəri cinayətdir. Bəşər övladı, o cümlədən ümmətimizin hər bir üzvü əbədiyyətə qədər bu cinayəti törədən vəhşiləri qınayacaq və bu soyqırımı unutmayacaq”,- deyə baş konsul əlavə edib.
Tədbirdə Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları da iştirak ediblər.