Baş nazirsiz Fransa, solçuların idarəetmədə səriştəsizliyi, uzunmüddətli siyasi vakuum - ŞƏRH
Paris, 15 iyul, AZƏRTAC,
İyulun 7-də növbədənkənar parlament seçkilərindən sonra Fransada hələ də yeni Baş nazir, yeni hökumət müəyyənləşməyib. Bu il iyulun 14-də ölkənin milli bayramı da siyasi böhran, qeyri-müəyyənlik şəraitində keçdi. İyulun 18-də Milli Assambleyanın yeni prezidentinin seçilməsi parlament seçkilərinin ikinci turunun yaratdığı siyasi konfiqurasiyaya doğru ilk konkret addım olacaq. Assambleyada təmsil olunan üç blok arasında güc balansının müəyyən edilməsi qarşıda duran ən böyük çətinlikdir.
Fransa hazırda Baş nazirsiz qalıb və bu vəziyyət ölkənin sabitliyi, idarəçiliyi ilə bağlı ciddi narahatlıq doğurur. “Yeni Xalq Cəbhəsi” partiyası Prezident Emmanuel Makrona təklif vermək üçün Baş nazirin təyin edilməsi ilə bağlı konsensus tapmağa çalışsa da, danışıqlar dalana dirənib.
“Yeni Xalq Cəbhəsi”nin nəzdində birləşən solçu qüvvələr ümumi namizədi razılaşdırmaqda çətinlik çəkirlər. “Əyilməz Fransa” (La France insoumise -LFI), Fransa Kommunist Partiyası (PCF), Ekoloqlar və Sosialist Partiyası (PS) kimi bir neçə partiyadan ibarət olan bu koalisiya dərin ideoloji fərqliliklər və daxili rəqabətlə xarakterizə olunur. Kommunistlərin Regional Şuranın sədri Üqüet Bellonun Baş nazir vəzifəsinə son təklifi bəziləri tərəfindən vəziyyətin qarşısını almaq cəhdi kimi qiymətləndirildi. Bu təklif koalisiyanın digər komponentləri arasında yekdil dəstək qazanmadı.
Sosialistlərin konsensus tapa bilməmələri bəzi müşahidəçilər tərəfindən bacarıqsızlıq əlaməti kimi şərh olunur. Onlar hesab edirlər ki, solçular vətəndaşların ehtiyaclarını ödəməyə qadir hökumət yaratmaq niyyətlərinə baxmayaraq, ölkəni effektiv idarə etmək üçün çox parçalanıblar. Vahid rəhbərliyin olmaması və daxili mübahisələrin aradan qaldırılmasındakı çarəsizlik onların dövlət vəzifələrini icra etmək qabiliyyətlərinə şübhələri artırır.
Fransa hökumətindəki bu boşluq özünü konkret nəticələrlə göstərir. Bu, dövlət siyasətinin həyata keçirilməsini, zəruri islahatları ləngidir, siyasi və iqtisadi qeyri-müəyyənlik mühiti yaradır. İnvestorlar, beynəlxalq tərəfdaşlar və Fransa vətəndaşları isə sabitlik gözləyirlər. Bəzi siyasətçilər sabit hökumətin yaradılmasına təcili ehtiyacın olduğunu vurğulayırlar. LFI üzvlərinin hökumətdə təmsilçiliyi ilə bağlı gərginliyin və onların fikir ayrılıqlarının dərhal etirazlara səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqlar da edilir.
Beləliklə, özünü dünyada sabitliyin qarantı kimi görən Fransa Baş nazirin olmaması və solçu qüvvələr arasında fikir ayrılıqları ilə müşayiət olunan siyasi gərginlik, qeyri-sabitlik dövrünü yaşayır. Bu vəziyyət koalisiya kontekstində idarəetmənin çətinliklərini aşkara çıxarır və solçu partiyaların ölkəni effektiv idarə etmək qabiliyyəti ilə bağlı çoxsaylı suallar doğurur. Fransada siyasi sabitliyə və aşkar liderliyə ehtiyac heç vaxt bu qədər aktual olmayıb.