CƏMİYYƏT
Baş prokuror: Separatçıların cinayət işində zərərçəkmişlərin sayı çoxdur VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
“2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən separatçılarla bağlı cinayət işinin istintaqı başa çatıb. Hazırda cinayət işinin materialları ilə tanış olma mərhələsi davam edir. Qeyd edim ki, istintaq materialları ilə tanış olmaq mərhələsi kifayət qədər uzun vaxt tələb edir”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
K.Əliyev bu prosesdə zərərçəkmişlərin sayının həddindən artıq çox olduğunu qeyd edib. Eyni zamanda vurğulayıb ki, təqsirləndirilən şəxslərin bütün hüquqları beynəlxalq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilir:
“Təqsirləndirilən şəxslərin bir neçə vəkili var. Vəkillərin iş materialları ilə tanış olmaq hüquqları var. Onlara qarşı irəli sürülən ittihamlar kifayət qədər ciddidir. Belə ki, onlara qarşı seperatçılıq, tarixi mədəniyyət abidələrinin məhvi, qanunsuz silahlı birləşmələr yaratmaq və sair ittihamlar irəli sürülüb. Yəqin ki, indi təqsirləndirilən şəxslər istintaq materialları ilə tanış olurlar. Proses bitdikdən sonra iş məhkəməyə göndəriləcək”.