BAŞLICASI ÖZÜNƏ QALİB GƏLMƏKDİR VƏ HƏR ŞEY QAYDASINDA OLACAQ!
Azərbaycan gimnastı Anna Qurbanova Minskdə keçirilən Dünya kubokunun mərhələ yarışlarında 8-ci yeri tutmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Qurbanova həmin nəticəni 16,75 balla halqa ilə final hərəkətlərində göstərmiş, çoxnövçülükdə isə 67.325 balla 9-ci yeri tutmuşdur. Fəxri kürsüyə isə Olqa Kapranova (Rusiya), Anna Bessonova (Ukrayna) və İnna Jukova (Belarus) qalxmışlar.
İyun ayına nəzərdə tutulmuş Avropa çempionatıqabağı sonuncu turnir mayın 23-25-də İsrailin Xolon şəhərində keçiriləcək Qran-pri yarışları olacaqdır. A.Qurbanova ilə birlikdə milli yığmamızın digər üzvləri, habelə açıq yoxlama məşq keçirmiş qrup komandamız yola düşəcəkdir.
Qrup komandasının məşqçisi, bolqarıstanlı mütəxəssis Mariana Vasilyeva 5 iplə birinci təmrinin kompozisiya quruluşunu və musiqi müşayiətini dəyişmişdir. Onun fikrincə, yeni quruluş tamaşaçıların, eləcə də Pekində keçiriləcək Olimpiya oyunlarında arbitrlik edəcək hakimlərin xoşuna gəlməlidir. Bundan əlavə, gimnastlarımız 3 halqa/4 gürzlə ikinci hərəkətin üzərində çalışır.
Məşqlərdə iştirak edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov gimnastların çıxışlarında, eləcə də gözlərində bir qığılcım gördüyünü vurğulayaraq demişdir: “Bu yay çox məsul yarışlar olacaq. Avropa çempionatında, eləcə də Olimpiadada layiqincə çıxış etmək üçün özünüzü səfərbərliyə almalısınız. İlk növbədə özünüzə qalib gəlməlisiniz, onda hər şey qaydasında olacaqdır”.
Bu arada Pekin Olimpiadasında gimnastika turnirinin püşkatma mərasimi olmuşdur. Püşkatmaya görə, avqustun 21-də Azərbaycanın qrup komandası çoxnövçülük üzrə təsnifat yarışlarında 5 iplə hərəkətlərdə 12 komanda arasında 8-ci, ertəsi gün 3 halqa/4 gürzlə növbəti kompozisiyada isə ikinci çıxış edəcəkdir.
Aliyə Qarayeva və Dinara Gimatova isə avqustun 21-də çoxnövçülük üzrə təsnifat yarışlarında 24 iştirakçı arasında 8-ci və 12-ci, ertəsi gün gürzlə sonuncu hərəkətlərdə 20 və 24-cü nömrə altında çıxış edəcəklər.
Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, mayın 17-də Bakı Əyləncə Mərkəzində Azərbaycanın Milli İnternet mükafatının - NETTY-2008-in təntənəli təqdimetmə mərasimi olmuşdur. NETTY-nin akademikləri bu il 14 nominasiya üzrə ən yaxşı milli veb-saytların adlarını açıqlamışlar. Sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyasının “www.agf.az” saytı “İdman” nominasiyasında birinci mükafata layiq görülmüş, Kubok və sertifikat almışdır.