“Batumi Post” və “Adjara” qəzetlərində 20 Yanvar faciəsindən bəhs edən məqalələr dərc olunub
Batumi, 22 yanvar, AZƏRTAC
Batumidə geniş oxucu kütləsinə malik “Batumi Post” və "Adjara" qəzetlərində Azərbaycanın bu şəhərdəki baş konsulu Rəşad İsmayılovun 20 Yanvar faciəsindən bəhs edən məqalələri dərc olunub.
Məqalələrdə qeyd olunur ki, 1990-cı ilin qanlı yanvarı kimi tanınan hadisələr respublika üzərində Sovet nəzarətinə son qoyan qığılcım oldu və bütün dünya azərbaycanlılarının yaddaşına Azərbaycan xalqına qarşı ən qəddar, zorakı və qeyri-insani hadisələrdən biri olaraq həkk edildi.
20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən baş konsul diqqətə çatdırır ki, 1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən ikili standart tətbiq edilərək Ermənistanın haqsız iddialarına dəstək verməsi və buna etiraz əlaməti kimi Azərbaycan xalqının meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi totalitar sovet rejimi tərəfindən amansız qətliamın törədilməsinə səbəb oldu.
Bildirilir ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilmədi və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşdu.
Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə hadisə qurbanlarına "20 Yanvar şəhidi" fəxri adı verilib. Azərbaycan xalqı şəhidlərin xatirəsini daim əziz tutur və hər il yanvarın 20-də Bakı şəhərinin ən yüksək hissəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edir.
Məqalənin tam mətni “Batumi Post” qəzetinin internet saytında da yerləşdirilib. http://batumipost.com/752/
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi