BATUMİDƏ AZƏRBAYCAN-GÜRCÜSTAN BİZNES FORUMU KEÇİRİLMİŞDİR
Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze forumu açaraq, Azərbaycan nümayəndə heyətini və forumun iştirakçılarını salamlamışdır.
Gürcüstanın Baş naziri Zurab Noğaideli öz ölkəsində son illər həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat verərək demişdir ki, bunun sayəsində xarici sərmayələrin həcmi nəzərəçarpacaq dərəcədə artmışdır. O, Azərbaycan sərmayədarlarının Gürcüstan iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsini arzulamış, onlar üçün lazımi şəraitin yaradılacağını vurğulayaraq bildirmişdir ki, hazırda ölkənin vergi sistemində islahatlar aparılır, 2007-ci ilin yanvarında yeni Gömrük Məcəlləsi qüvvəyə minəcəkdir.
Bir neçə il öncə çoxlarına xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin məhz Azərbaycanın müdrik rəhbəri Heydər Əliyevin siyasi cəsarəti sayəsində reallaşdığını xatırladan Noğaideli indiki forumun iki ölkə arasında nümunəvi münasibətlərin daha da dərinləşməsi baxımından səmərəli olacağına əminliyini söyləmişdir.
Azərbaycanın Baş naziri Artur Rasizadə nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür etmiş, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası ilə paralel keçirilən forumda iştirakından məmnunluğunu bildirmişdir. O demişdir ki, məqsəd iki ölkənin bütün sahələrdə əməkdaşlığının yaxın zamanlarda yeni mərhələyə qaldırılmasına nail olmaqdır. Təbiidir ki, həm Azərbaycan, həm də Gürcüstan bu gün bazar iqtisadiyyatı şəraitində yaşayır, inkişaf edir. Belə bir vəziyyətdə dövlətlərarası münasibətlərin daha da inkişafı ilə yanaşı, özəl qurumlar arasında da əlaqələrin genişləndirilməsi vacibdir. Bunun üçün hər iki tərəfdə imkanlar vardır.
Son dövrdə Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını və bu baxımdan dünyada lider dövlət olduğunu konkret rəqəmlərlə forum iştirakçılarının diqqətinə çatdıran Artur Rasizadə iki ölkənin iş adamları arasında əməkdaşlıq üçün yeni imkanların açıldığını bildirmişdir. O demişdir ki, forumda buna şərait yaradacaq, biznes nümayəndələri bir-biri ilə tanış olacaq, yeni ideyalar meydana çıxacaqdır. Bunları işin xeyrinə istiqamətləndirmək lazımdır. Prezidentlər İlham Əliyev və Mixail Saakaşvili də ölkələrimiz arasındakı münasibətlərin inkişafı ilə bağlı ideyaları dəstəkləyirlər. Bütün təşəbbüslər əməkdaşlığımızın yeni mərhələyə qaldırılmasına, xalqlarımızın rifahının yüksəldilməsinə xidmət etməlidir.
Sonra forumda Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun “Azərbaycan iqtisadiyyatı: cari vəziyyət və inkişaf perspektivləri”, Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadzenin “Gürcüstan iqtisadiyyatının perspektivləri”, Acarıstan hökumətinin başçısı Levan Varşalomidzenin “Acarıstan bölgəsində imkanlar” mövzusunda məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.