Bayramlar münasibətilə penitensiar müəssisələrə baş çəkilib
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, ombudsmanın təşəbbüsü ilə Aparatın əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ənənəyə sadiq qalaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə və qadın məhkumlar üçün nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər.
Tərbiyə Müəssisəsində yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, onlara qarşıdan gələn bayramlar münasibətilə Ombudsman Səbinə Əliyevanın təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub. Müəssisədə uşaqlarla maarifləndirici söhbət aparılıb.
Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində isə körpəsi olan məhkumlarla görüşülüb, onların yaşayış korpusuna baxış keçirilib. Məhkum analara ombudsmanın təbrikləri çatdırılıb, bayram sovqatları təqdim edilib.