BDU-da tədbir: Bakı Dövlət Universitetinin fəxri məzunu - Heydər Əliyev
Bakı, 11 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix və Filologiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Bakı Dövlət Universitetinin fəxri məzunu - Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Bakı Dövlət Universitetinin ən böyük məzunu, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən danışıb. Qeyd edilib ki, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə BDU-nun həyatında yeni inkişaf mərhələsi başlayıb. Ulu Öndər BDU-ya daim böyük qayğı göstərib.
Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov Ulu Öndərin elm və təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Şüşəxanım Vəliyeva Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışıb.