ELM VƏ TƏHSİL
BDU-nun Qazax filialında Anım Günü qeyd olunub


Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2020-ci il sentyabrın 27-dən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatları ilə Vətən müharibəsinin başlandığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində parlaq Qələbə qazandığını bildiriblər.
Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimləri Mübariz Süleymanov, Ülviyyə Bayramova, tələbələrdən Könül Butayeva, Mirabbasağa Abbaslı çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin Azərbaycan xalqını bütün dünyaya qəhrəman xalq kimi tanıtdığını qeyd ediblər.
Sonda Vətən müharibəsində tarixi Zəfərə həsr edilmiş videoçarx nümayiş olunub.