BDU-nun “SABAH” qruplarında ingilis dilinin tədrisi təkmilləşdirilir
Bakı, 4 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında ingilis dilinin tədrisinin təkmilləşdirilməsi istiqamətində davamlı addımlar atılır. BDU “SABAH” Mərkəzi tərəfindən xarici dili tədris edən müəllim heyəti üçün panel müzakirə keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“SABAH” qruplarının müəllimləri Abdulxaliq Məmmədli və Aynur Budaqovanın moderatorluğu ilə keçirilən panel müzakirədə təlim və tədris prosesi üçün istifadə olunan dərsliklərdən, əlavə autentik materiallardan və onların tədris üçün yararlılıq səviyyəsindən danışılıb. Müzakirələr zamanı fənnin öyrənilməsi üçün zəruri informasiyanı özündə əks etdirən, müəllimlə tələbə arasında əsas kommunikasiya vasitəsi olan fənn sillabusları və tələbələrin qiymətləndirmə sisteminin obyektivliyi prioritet istiqamətlərdən biri kimi qiymətləndirilib.
Müzakirə müddətində BDU-nun “SABAH” qruplarının tələbələri arasında aparılan sorğunun nəticələri və tələbələrin təklifləri səsləndirilib. Sonra tədbir iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb, məsələ ilə bağlı suallar cavablandırılıb.