BDU rektoru: “Türk Dünyası Həftəsi” əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunmasına xidmət edir
Bakı, 29 iyun, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinin silsilə tədbirlərlə geniş şəkildə qeyd olunması Azərbaycan dövlətinin milli-mədəni irsə və türkologiya elminin inkişafına verdiyi yüksək dəyərin bariz ifadəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində söyləyib.
Rektor deyib: “Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamı bu möhtəşəm elmi hadisənin yalnız tarixi əhəmiyyətini deyil, həm də Türk dünyasının inteqrasiyası baxımından daşıdığı strateji mahiyyəti, gələcəyin inkişaf strategiyasını müəyyənləşdirən elmi-mədəni irs olduğunu bir daha təsdiq edir. Bu baxımdan iyunun 29-dan iyulun 3-dək Bakıda və Qarabağda keçirilən “Türk Dünyası Həftəsi” xüsusi tarixi məna daşıyır. Həftə çərçivəsində keçirilən elmi və mədəni-kütləvi proqramlar türk xalqlarının tarixi, mədəniyyəti və ənənələrinin qorunmasına, eləcə də gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunmasına xidmət edir”.
Qeyd edək ki, beynəlxalq konfrans Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə baş tutub.