CƏMİYYƏT
BDU və ARB 24-ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçüncü “NewsLab” təlim proqramı yekunlaşıb.
BDU-dan AZƏRTAC-a verilən xəbərə görə, təlimə cəlb olunan 6 tələbədən 5-i telekanalda işlə təmin edilib. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib. Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar. 2022-ci ildən keçirilən “NewsLab” təlim proqramı çərçivəsində BDU-nun 20-yə yaxın məzunu işlə təmin olunub. Birgə layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.