BDU “Yaşat” Fonduna 50000, Qarabağ Dirçəliş Fonduna 100000 manat ianə edib
Bakı, 4 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iclasda universitetin rektoru Elçin Babayev Elmi Şura üzvlərini bir daha tarixi qələbəmiz münasibətilə təbrik edib. O, 44 günlük Vətən müharibəsi, ərazilərimizin işğaldan azad olunmasından söz açaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfərinin tariximizin ən parlaq səhifələrindən olduğunu qeyd edib. Rektor Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Rektor Vətən müharibəsi dövründə BDU-nun müəllim və tələbələrinin informasiya müharibəsində fəallığından, həmçinin müharibədə iştirak edən BDU-nun məzun və tələbələrindən söz açıb, universitet şəhidlərinin xatirəsinin daim əziz tutulacağına diqqət çəkib.
Elmi Şuranın iclasında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan YAŞAT Fonduna 50 min manat və işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasına dəstək məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə edilməsi haqqında qərar qəbul edilib.