Bəhruz Quliyev: Soçidə imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni impuls verəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Region ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan, bir çox sahələri əhatə edən və ölkəmizin inkişafına təkan verən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindəndir. Bu mənada, rəsmi Bakı regionun və bütövlükdə dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə mehriban, səmimi, dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Son illərdə iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallaşıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə Azərbaycan-Rusiya münasibətlərinin inkişafının sürətlənməsinə mühüm impuls verir. Həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun sıx davam etdirilməsi iki ölkə arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bəhruz Quliyev qeyd edib ki, iki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir.
“Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə iki ölkə arasında xüsusi əhəmiyyəti ilə seçilən bir sıra müqavilələrin imzalanması da Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni impuls verəcək”, - deyən Bəhruz Quliyev əlavə edib ki, əldə edilən razılaşmaların reallaşması nəticəsində iki ölkənin əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksələcək.