Bərdədə jurnalistlərlə gənclərin görüşü təşkil edilib
Bərdə, 19 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Milli Mətbuat Günü ərəfəsində Qarabağ bölgəsində fəaliyyət göstərən bir qrup jurnalistlə gənclərin görüşü təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarənin rəisi Hikmət Ələkbərli və idarənin rəis müavini Aydın Qasımov milli mətbuatın yaranmasının ildönümü münasibətilə media işçilərini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda cəmiyyətin informasiya ilə təmin edilməsində, vətəndaş cəmiyyətinin formalaşmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolundan danışılıb, Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə yüksək səviyyədə diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.
Çıxışlarda 44 günlük İkinci Qarabağ müharibəsində medianın fəaliyyətindən də bəhs edilib. Bildirilib ki, Vətən müharibəsində media nümayəndələri də çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımlayaraq xalqımızı, dünyanı məlumatla təmin ediblər.
"Bərdə" qəzetinin baş redaktoru Salman İsmayılov, AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri Tahir Ağaməmmədov, İctimai Televiziyanın bölgə müxbiri Şöhrət Eyvazov, Media 1.az xəbər portalının baş redaktoru Musa Muradlı tədbirdə çıxış edərək, milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bugünkü uğurlarından, jurnalistikanın qarşısında duran vəzifələrdən danışıblar.
Görüşdə gənclərin sualları media nümayəndələri tərəfindən cavablandırılıb. Sonra “Dövlət gənclər siyasəti”ndən irəli gələn vəzifələrin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə KİV nümayəndələrinə Bərdə Rayon Gənclər və İdman İdarəsinin fəxri diplomu və media mükafatları təqdim edilib.