Bərdədə payızlıq əkinlərə qulluq və yazlıq bitkilərin səpininə hazırlıq məsələləri müzakirə olunub
Bərdə, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdədə keçirilən praktik seminarda payızlıq əkinlərə qulluq və yazlıq bitkilərin səpininə hazırlıq məsələləri müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və monitorinqi, Təhsil və Təlim şöbələrinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak ediblər.
Seminarda Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri Rəfail Quliyev, Təhsil və Təlim Şöbəsinin müdiri İmran Cümşüdov, Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və başqaları çıxış edərək, ölkəmizdə bitkiçiliyin mövcud vəziyyətindən, fermerlərə təlim və məsləhət informasiya xidmətlərinin təşkilindən, onların maarifləndirilməsinin vacibliyindən, əkinlərin elmi əsaslarla aparılmasının, müasir becərmə texnologiyalarının tətbiqinin üstünlüyündən, yeni taxıl sortlarının məhsuldarlığından danışıblar. Çıxışlarda payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb, pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Fermerlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər izah olunub, əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün tövsiyələr verilib. İştirakçılara pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqqında təlimat paylanıb.
Sonra mütəxəssis və fermerlər taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri ilə tanış olublar.