BERLİN AVROPA AKADEMİYASI “AVROPAQONŞULUQ SİYASƏTİ VƏ QARABAĞ “MÖVZUSUNDA TƏDBİR KEÇİRMİŞDİR
Xatırladaq ki, tədbirin keçirilməsinə dair ilkin proqramda təkcə qondarma, beynəlxalq aləmdə tanınmamış “Dağlıq Qarabağ Respublikası” nümayəndəsinin iştirakı planlaşdırılmışdı. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin məsələyə ciddi müdaxiləsindən və AFR Xarici İşlər Nazirliyində Avropa Akademiyasının rəhbərliyi ilə keçirdiyi işgüzar danışıqlardan sonra tədbirin proqramında əsaslı dəyişikliklər aparılmış və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi Nizami Bəhmənovun bu tədbirə mütləq dəvət edilməsi təmin olunmuşdur.
Dialoq-forumu giriş sözü ilə açan Berlin Avropa Akademiyasının rəhbəri professor Ekart Ştatenşulte akademiyanın elmi araşdırmalarla məşğul olan özəl, qeyri-hökumət qurumu olduğunu, bu tədbirin keçirilməsindən isə əsas məqsədin münaqişə tərəflərinin bir araya gətirilməsindən və problemin həlli istiqamətində tərəflərin mövqeyini aydınlaşdırmaqdan ibarət olduğunu bildirmişdir.
Sonra elmi araşdırıcıların və publisistlərin münaqişənin səbəbləri və doğurduğu acı nəticələr, onun həlli istiqamətində indiyədək atılmış addımlar barədə məruzələri dinlənildi. Məruzəçilər Ermənistan və Azərbaycanda daxili siyasi vəziyyət və münaqişənin həllində beynəlxalq vasitəçilik və sair mövzulara da toxundular. Natiqlər vurğuladılar ki, regionda əmin-amanlığın tam bərqərar olması üçün Dağlıq Qarabağ problemi öz həllini tapmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi hər iki Cənubi Qafqaz respublikasında tərəqqini ləngidir.
Daha sonra növbə ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənova və erməni icmasının nümayəndəsi Aşot Qulyana verildi. Nizami Bəhmənov Avropanın yeni qonşuluq siyasəti kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qətiyyətlə bildirdi ki, Qarabağ əzəli Azərbaycan torpağı olmuşdur və olacaqdır. Öz ərazisini qonşu dövlətlərin torpaqları hesabına genişləndirməyin mümkünlüyü barədə təcavüzkarlıq xülyalarına qapılan Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir. Bu məqsədlə də Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı yeddi bölgəni də işğal etmişdir. Bu ərazidə tam etnik təmizləmə aparılmışdır və hazırda Azərbaycanda 1 milyonadək qaçqın və məcburi köçkün vardır.
Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi Aşot Qulyan həmişə olduğu kimi, Azərbaycana qarşı sərt bəyanatlar verməyə başladı, münaqişənin həlli istiqamətində millətçi erməni tərəfinin qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Özünü təkidlə “Dağlıq Qarabağ Respublikası parlamentinin sədri” kimi təqdim edən Aşot Qulyanın çıxışı faktlara deyil, həmişə olduğu kimi, daha çox erməni tərəfinin qeyri-real müddəalarına əsaslanırdı. Onun sərsəm uydurmaları və xülyaları tədbir iştirakçılarının da diqqətindən yayınmadı.