Berlin kinofestivalı 2024-cü il üçün münsiflər heyətinin sədrini seçib
Bakı, 15 dekabr, AZƏRTAC
Berlin kinofestivalında növbəti ildə münsiflər heyətinə “Qara bəbir” və “On iki il köləlikdə” filmlərində oynadığı rollarla tanınan “Oskar” mükafatının sahibi Lupita Nionqo başçılıq edəcək. Bu barədə kinofestivalın təşkilatçıları elan ediblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Berlinare”nin rejissorları Mariett Rissenbek və Karlo Şatrian verdikləri bəyanatda bildiriblər: “Lupita Nionqo müxtəlif layihələrin əhatə olunmasında universallıq, fərqli auditoriyalara müraciət etmək və vahid bir ideya üzrə ardıcıllıq üzrə kinoda bəyəndiklərimizi təcəssüm etdirir:”.
Meksika-Keniya əsilli aktrisa Stiv MakKuinin “On iki il köləlikdə” tarixi dramında “Oskar” mükafatına layiq görülən kölə qadın Petsi rolunu ifa etdikdən sonra şöhrət qazanıb. O, rol seçimində Afrika diasporu və irqçilik mövzularına həsr olunmuş obrazlara daha çox üstünlük verir.
Aktrisa 2018-ci ildə “Marvel Studios” şirkətinin superqəhrəmanlar haqqında birinci filmi olan “Qara bəbir” ekran əsərində və 2022-ci ildə onun növbəti hissəsində Nakia rolunu oynayıb. O, həmçinin Cordan Pilin 2019-cu ildə lentə aldığı “Biz” psixoloji qorxu filmində çəkilib.
Nionqo tez-tez teatr səhnəsi və televiziya studiyalarında da olur. Hazırda o, nigeriyalı yazıçı Çimamanda Nqozinin “Amerikalı qadın” romanı əsasında lentə alınan çoxseriyalı film üzərində çalışır.
Almaniya paytaxtında “Berlinare” adlandırılan illik kinofestivalın münsiflər heyəti Kann və Venesiya festivallarının mükafatları ilə yanaşı beynəlxalq miqyasda ən nüfuzlu hesab edilən qızıl və gümüş “Ayılar”ın qaliblərini müəyyən edəcək.