Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Bakı - 1990-cı ilin qanlı Yanvarı və Azərbaycanda sovetlərin dağılması prosesi. Dr. Azər Babayevin məqaləsinin təqdimatı” adlı tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Almaniyanın məşhur elm nəşriyyatlarından olan Nomos tərəfindən bu yaxınlarda buraxılmış “Sovet İttifaqının dağılması: səbəbləri, yan təsirləri, arxa planları” kitabının təqdimatı olmuşdur.
Xatırladaq ki, kitab Almaniyadan, Avstriyadan və digər Avropa ölkələrindən postsovet regionu üzrə tanınmış mütəxəssislər tərəfindən yazılmışdır. Bu elmi tədqiqat əsəri son illərdə Sovet İttifaqının dağılma səbəblərinin, habelə bu prosesin necə baş verməsinin sistemli təhlilinə həsr olunmuş ilk beynəlxalq kollektiv araşdırmadır. Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayevin bu kitabda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və sovetlərin dağılma prosesi” mövzusunda geniş araşdırması da verilmişdir.
Tədbiri açan AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova 20 Yanvar hadisələri haqqında məlumat vermişdir.
Azər Babayev də çıxışında sovet imperiyası tərəfindən dinc əhaliyə qarşı törədilmiş qətliamın - insanlığa qarşı törədilmiş cinayətin nəticələri barədə danışmışdır.
Məruzələrdən sonra Potsdam Universitetinin professoru Vilfrid Furmanın iştirakı ilə müzakirələr aparılmışdır. Məruzəçi qonaqların suallarını cavablandıraraq Azərbaycanda 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində baş verən hadisələri və dəyişiklikləri araşdırmış, eləcə də siyasi, iqtisadi və ictimai vəziyyəti təhlil etmişdir.
Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmiş və Qanlı Yanvarın Azərbaycanın azadlığı və müstəqilliyi yolundakı tarixi rolu bir daha vurğulanmışdır.