Berlində imzalanan sənədlər əməkdaşlığın yol xəritəsini müəyyənləşdirib ŞƏRH
Bakı, 23 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Səfərin ən mühüm nəticəsi iki ölkə arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasıdır. Bu sənəd enerji, nəqliyyat və ticarət sahələrini əhatə etməklə, illərdir tədricən inkişaf edən əməkdaşlığı rəsmi və institusional müstəviyə keçirib. Belə ki, Avropanın enerji təhlükəsizliyi məsələlərinin kəskinləşdiyi bir dövrdə bu səfər həm simvolik, həm də praktik baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə mütəxəssis Bayram Əliyev deyib.
O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü bərpa etməsi ölkənin regional mövqeyini gücləndirib, 2022-ci ildən başlayan Avropa enerji böhranı isə rəsmi Bakıya karbohidrogen ehtiyatlarını və tranzit coğrafiyasını geoiqtisadi təsir alətinə çevirmək imkanı yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çoxvektorlu xarici siyasəti beynəlxalq münasibətlər ədəbiyyatında “strateji hedcinq” (strategic hedging) adlanan davranış modelinə uyğundur. Beləliklə, rəsmi Berlin danışıqlarda Azərbaycanın enerji resursları, tranzit imkanları və regional vasitəçilik potensialını nəzərə alaraq tərəfdaş mövqeyindən çıxış edib.
“Dünyada baş verən gərginliklər, qarşıdurmalar fonunda Avropanın enerji xəritəsi köklü şəkildə dəyişib və Azərbaycan bu yeni konfiqurasiyada etibarlı alternativ mənbə kimi mövqeyini möhkəmləndirib. Səfər zamanı açıqlanan rəqəmlər də bunu təsdiqləyir. Belə ki, Azərbaycanın Almaniyaya qaz tədarükünün gələn ildən etibarən ildə 2 milyard kubmetrə çatdırılması gözlənilir. Bu, Cənub Qaz Dəhlizinin coğrafiyasının genişlənməsi və Azərbaycan qazının artıq Avropanın ən böyük iqtisadiyyatına birbaşa yol tapması deməkdir. Həmçinin tərəflər əməkdaşlığı yalnız karbohidrogen enerji resursları ilə məhdudlaşdırmaq niyyətində deyillər. Danışıqlarda bərpaolunan enerji, xüsusilə Xəzərin külək potensialı və yaşıl enerji ixracı imkanları xüsusi yer tutub. Almaniyanın texnoloji təcrübəsi ilə Azərbaycanın resurs potensialının birləşməsi uzunmüddətli perspektivdə hər iki tərəf üçün qazanclı modeldir. Səfərin ikinci strateji oxu isə Orta Dəhliz marşrutu olub. Almaniya ixracyönümlü iqtisadiyyat kimi bu dəhlizin etibarlı işləməsində birbaşa maraqlıdır, Azərbaycan isə marşrutun açar halqası kimi tranzit imkanlarını genişləndirir”, - deyə beynəlxalq əlaqələr üzrə mütəxəssis bildirib.
Ekspert Prezident İlham Əliyevin Berlin səfərinin Almaniya–Azərbaycan münasibətlərini yeni mərhələyə daşıdığına da diqqət çəkib: “Birgə Bəyannamə ilə əməkdaşlığın yol xəritəsi müəyyənləşib. Enerji təhlükəsizliyi sahəsində qarşılıqlı etimad, Orta Dəhliz üzərindən iqtisadi inteqrasiya və texnologiya mübadiləsi bu xəritənin əsas dayaqlarıdır. Almaniya üçün Azərbaycan ciddi enerji tədarükçüsü olmaqla yanaşı, Avrasiyanın dəyişən geoiqtisadi mənzərəsində etibarlı tərəfdaşdır. Azərbaycan üçün isə Almaniya Avropa ilə dərinləşən əməkdaşlığın açar qapısıdır”.