Berlində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
Berlin, 09 may, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan axşamı təşkil edib. Berlinin tarixi binalarından olan Şarlottenburq bələdiyyəsində keçirilmiş tədbirə 200-dən artıq iştirakçı qatılıb.
Səfir Pərviz Şahbazov tədbirdə çıxış edərək Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində yeri və rolundan danışib. Bildirib ki, Ermənistanın təcavüzü və daxildəki hərc-mərclik nəticəsində 1990-cı illərin əvvəllərində gələcəyi qaranlıq görünən Azərbaycan məhz Heydər Əliyevin apardığı uzaqgörən dövlət quruculuğu islahatları nəticəsində güclü, müvəffəqiyyətli və sabit iqtisadiyyata malik bir ölkəyə çevrilib. Heydər Əliyev şəxsiyyətini xarakterizə edən səfir xüsusilə indiki dövrdə çoxsaylı münaqişələrdən əziyyət çəkən dünyanın bu cür liderlərə böyük ehtiyacı olduğunu vurğulayıb. Pərviz Şahbazov Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini daim minnətdarlıq və ehtiramla andığını bildirib.
Tədbir Azərbaycandan təşrif buyurmuş musiqiçilər - xalq artistləri Fidan və Xuraman Qasımovaların, eləcə də Bakı Musiqi Akademiyasının dosenti Nigar Məlikovanın ifasında konsert proqramı ilə davam edib. Onlar Azərbaycan və dünya korifey bəstəkarlarından musiqilər səsləndiriblər.
Sonda ziyafət verilib.
Azərbaycan axşamında Almaniya Bundestaqının deputatları, bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniyanın siyasi, elm və mədəniyyət xadimləri, diplomatlar, mətbuat təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri, Almaniyada təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin