Berlində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş etiraz nümayişi keçirilmişdir
Berlin, 28 fevral (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və diasporu bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini müxtəlif aksiya və tədbirlərlə yad etmişlər. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) və Berlindəki Azərbaycan Evinin birgə keçirdiyi etiraz nümayişi belə aksiyalardandır. Azərbaycan Tələbə Şəbəkəsinin və Alman-Azərbaycan Gənclər Assosiasiyasının üzvləri tədbirdə iştirak etmişlər.
Nümayiş Berlinin mərkəzi meydanı Braytşaydplatzda yerləşən Anma Kilsəsinin qarşısında keçirilmişdir. Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni millətçilərinin qanlı hərəkətlərini pisləyən plakatlardan və “Xocalıya ədalət!” kampaniyasının şüarlarından istifadə olunmuşdur. Tədbirdə Xocalı soyqırımı haqqında, eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına dair ictimaiyyətə məlumat verilmiş, informasiya vərəqələri, Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinə dair alman və ingilis dillərində kitabçalar şəhər sakinlərinə və turistlərə paylanmışdır.
Nümayişdə AAKM-in və Azərbaycan Evinin əməkdaşları, Avropa Azərbaycanlıları Konqresinin, Maqdeburq şəhərində fəaliyyət göstərən Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin, Azərbaycan və türk diasporlarının təmsilçiləri, azərbaycanlı tələbə və gənclər iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin