Berndə 28 May - Respublika Gününə həsr olunan rəsmi qəbul təşkil edilib
Bern, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı ölkəmizin müstəqillik tarixi barədə məlumat verib, müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda yaradıldığını bildirib. Həmin dövrdə demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilmiş mütərəqqi siyasət barədə danışan səfir hətta İsveçrədən yarım əsr əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulayıb. O, bu cür demokratik düşüncə tərzinin yeni müstəqillik tarixində də siyasi həyatda uğurla tətbiq edildiyini söyləyib.
Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində yeni dövrün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə başladığını qeyd edən səfir bu istiqamətdə həyata keçirilmiş islahatlardan da söz açıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ə.Zeynallı cari ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda təşkil edildiyini, iyunun 17-19-da isə “Formula-1” Avropa Qran-prisinin Azərbaycanda təşkil olunacağını vurğulayıb. Səfir, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinə toxunaraq bütün sahələrdə iki ölkə arasında fəal dialoqun olduğunu və bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini bildirib.
Tədbirdə İsveçrənin dövlət və hökumət rəsmiləri, Berndə akkreditə olunmuş diplomatik korpusun üzvləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri və diaspor üzvləri iştirak ediblər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern