CƏMİYYƏT
Bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalar iqlim dəyişikliyi ilə mübarizə prinsiplərinə sadiqliyimizin təcəssümüdür

Bakı, 6 dekabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə mübarizə bu gün Yer kürəsinin üz-üzə qaldığı ciddi qlobal problemdir. Bu gün həmin mübarizənin aparılması qlobal səviyyə və həmrəyliyi tələb edir. İqlim dəyişikliyi ilə mübarizədə görülə biləcək ən önəmli işlərdən biri karbon emissiyasının azaldılması və karbon yanacağının yenilənə bilən enerji ilə əvəzlənməsidir. Yenilənə bilən enerji dedikdə yaşıl enerji, yəni təbii qaynaqlardan - Günəş, külək, geotermal, su və s. enerjisi nəzərdə tutulur. Bu istiqamətdə ölkəmizdə görülən işlərə Günəş enerjisindən istifadəni artırmaq üçün başladığı layihələri misal göstərmək olar. COP28 kimi beynəlxalq konfranslarda həmin mövzunun müzakirəsi və işbirliyi imkanlarının yaradılması bu sahədəki işlərin davamlı olması üçün olduqca önəmlidir. Azərbaycanın COP28-də iştirakı ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq proqramları dəstəklədiyini göstərir.
Bunu AZƏRTAC-a Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Rübabə Hüseynli deyib.
İşğaldan azad olunmuş ərazilərdə sürətlə quruculuq işləri getdiyini diqqətə çatdıran təşkilat sədri Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi üçün mövcud potensiallardan bəhs edib: “Qubadlı, Zəngilan, Cəbrayil, Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Həmçinin Tərtərçay, Həkəri çayları və onların qollarında hidroenerji almaq, Kəlbəcər və Laçın rayonlarının dağlıq ərazilərində külək enerjisi əldə etmək üçün əlverişli imkanlar var. Hazırda Güləbird, Suqovuşan 1, Suqovuşan 2, Kəlbəcər su elektrik stansiyalarının istismara verilməsi çox əhəmiyyətlidir. Ümumiyyətlə, təbii qaynaqlardan yaşıl enerji əldə edilməsi layihələrinin həyata keçirilməsi həm ekoloji, həm də maliyyə üstünlüklərinə görə olduqca zəruridir. Digər tərəfdən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması zamanı bərpa olunan enerji mənbələrinin istifadəsinə qoyulan investisiyalar və başlayan layihələr dövlətimizin beynəlxalq iqlim dəyişikliyi ilə mübarizə prinsiplərinə sadiqliyinin təcəssümüdür”.