Bəxtiyar Aslanbəyli “Maarifçi”lərlə gələcəyin peşələri barədə danışıb
Bakı, 21 oktyabr, AZƏRTAC
bp şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, SABAH.city İnnovasiya Şəhərciyində keçirilən görüşdə gənclərin peşəkar inkişafı, əmək bazarının tələbləri, karyera perspektivləri və texnoloji yeniliklərin əmək bazarına təsiri barədə danışılıb. Bəxtiyar Aslanbəyli uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, xarici dil biliklərinin və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb. O, əmək bazarında rəqabətədavamlı olmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların inkişaf etdirilməsinin, biliklərin mütəmadi yenilənməsinin vacibliyini diqqətə çatdırıb.
Süni intellektin sürətli inkişafına toxunan vitse-prezident texnoloji yenilikləri izləməyin, yeni biliklərə açıq olmağın və dəyişən şəraitə uyğunlaşma bacarığının gələcək karyera uğurlarında mühüm rol oynadığını bildirib.
Görüşdə müstəqil öyrənmə, şəxsi inkişafla istirahət arasında balansın qorunması və sosial məsuliyyət məsələləri də diqqət mərkəzində olub. Bəxtiyar Aslanbəyli gənclərin gələcək peşə fəaliyyətlərindən asılı olmayaraq cəmiyyətin inkişafına töhfə vermələrinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində iştirakçılar üçün SABAH.city İnnovasiya Şəhərciyinə infotur təşkil olunub. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş icraçı direktoru Nihat Məcidov qonaqlara şəhərciyin infrastrukturu barədə məlumat verib. İnfotur zamanı gənclər mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, onların iş prinsipləri və imkanları ilə tanış olublar. Həmçinin innovasiya və texnologiya sahəsində müasir yanaşmalar, laboratoriyaların praktiki bilik və bacarıqların inkişafındakı rolu barədə məlumat əldə ediblər.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın məqsədi elm və təhsil sahəsində insan resurslarının inkişafına dəstək göstərmək, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə yanaşmalarını mənimsəmələrinə və peşəkar mühitə inteqrasiyalarına şərait yaratmaqdır.