Beyləqan və Göyçay rayonlarında vətəndaşlara hüquqi yardım göstərilib
Bakı, 12 dekabr, AZƏRTAC
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.
Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin dekabrın 10-da və 11-də təşkil olunan aksiyalar çərçivəsində Beyləqan və Göyçay rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Belə ki, Beyləqan rayon Heydər Əliyev Mərkəzində deputat Şahin İsmayılovun və Göyçay rayonu Heydər Əliyev Mərkəzində deputat Sabir Hacıyevin təşəbbüsü və kollegiyanın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.
Aksiyalarda Beyləqan, Ağcabədi və Göyçay rayon Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə 80 vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.