İDMAN
Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub




Bakı, 1 oktyabr, AZƏRTAC
İsveçrənin Lozanna şəhərində keçirilən 11-ci Beynəlxalq Atletlər Forumunun (IAF) birinci gününə yekun vurulub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər. COVID-19 pandemiyasından sonra ilk dəfə Beynəlxalq Olimpiya Komitəsinin Atletlər Komissiyası tərəfindən təşkil edilən forumda təqdimatlar, müzakirələr və seminarlar üçün idmançı nümayəndələrin qlobal şəbəkəsi bir araya toplaşıb.
Forumun birinci günü Komissiyanın son işlərinin icmalı və yenilənmiş strategiyası müzakirə edilib. Forum iştirakçıları Atletlər Komissiyasının idarə olunması ilə bağlı fikir mübadiləsi apararaq, müxtəlif sessiyalarda iştirak ediblər.
Tədbirdə Rusiya və ya Belarus pasportuna malik idmançıların beynəlxalq yarışlarda fərdi neytral idmançı kimi iştirakı ilə bağlı beynəlxalq federasiyalar və idman tədbirləri təşkilatçıları üçün Beynəlxalq Olimpiya Komitəsi və Atletlər Komissiyası tərəfindən təqdim olunan tövsiyələr də müzakirə edilib.
Sonra idmançılara dəstək, Olimpiya Hərəkatının maliyyələşdirilməsi modeli və onları Beynəlxalq Olimpiya Komitəsi vasitəsilə dəstəkləmək üçün mövcud proqramlar, o cümlədən Olimpiya Həmrəyliyi, “Athlete 365” və Ümumdünya Olimpiya Tərəfdaşları tərəfindən təqdim olunan proqramlar barədə də fikir mübadiləsi aparılıb.
Beynəlxalq Atletlər Forumuna oktyabrın 2-də yekun vurulacaq.