BEYNƏLXALQ İCTİMAİYYƏT AZƏRBAYCANIN TERRORİZMƏ QARŞI MÜBARİZƏDƏ FƏAL MÖVQEYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə ABŞ arasında münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını və inkişafda olan əlaqələrin bütün sahələrdə genişlənməsi üçün siyasi dialoqların davam etdirilməsinin zəruriliyini qeyd etmişdir.
Nazir, həmçinin Azərbaycan xalqının hər zaman sivil ənənələrə rəğbət bəsləyən və öz dini dözümlülüyü ilə seçilən xalq olduğunu bildirmişdir. O, daha sonra Azərbaycandakı ictimai-siyasi vəziyyət, həyata keçirilən demokratik islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Təmsil etdiyi qurumun ABŞ-ın Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Endryu Beyker ikitərəfli əməkdaşlığın daha intensiv şəkildə davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir. O qeyd etmişdir ki, ölkəmizin Avroatlantika strukturlarına inteqrasiyası və terrorizmə qarşı mübarizədə fəal mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iştirak etmişdir.