Beynəlxalq konfrans: Canlı kainat - planetlərdən qalaktikalara
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr edilən “Canlı kainat - planetlərdən qalaktikalara” adlı II beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə ABŞ, Almaniya, Fransa, Türkiyə, İsrail, İtaliya, Rusiya, Polşa, Özbəkistan, Qazaxıstan, Çexiya, Ukrayna və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
Konfransı açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov XIII əsrdə yaşamış azərbaycanlı astronom, riyaziyyatçı və filosof Nəsirəddin Tusinin adını daşıyan elmi mərkəzin yaranma tarixi və inkişaf mərhələlərindən danışıb. Bildirib ki, rəsədxananın yaradıldığı dövr keçmiş SSRİ məkanında kosmik eranın başlanğıcı kimi səciyyələnir. Müxtəlif vaxtlarda bura kosmonavtların, tanınmış alim və mütəxəssislərin tez-tez ziyarət etdiyi məkana çevrilib, alimlərin əldə etdikləri elmi nəticələr dünyanın aparıcı elmi qurumlarının diqqət mərkəzində olub.
N.Cəlilov qeyd edib ki, dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, eyni zamanda, Azərbaycanda kosmik sənayenin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtaşırı Şamaxı Astrofizika Rəsədxanasına gələrək fəaliyyətini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində Astrofizika kafedrası yaradıldı. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti həmin kafedranın yetirmələridir.
Alim vurğulayıb ki, 2008-ci ildən etibarən Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla rəsədxananın maddi-texniki bazası gücləndirilib, inzibati binada əsaslı təmir-tikinti, abadlıq işləri aparılıb.
Rəsədxanada yaradılan elmi laboratoriyaların fəaliyyətindən söz açan N.Cəlilov qeyd edib ki, hazırda alimlərimiz tərəfindən müasir astrofizikanın müxtəlif istiqamətləri üzrə aktual mövzularda tədqiqatlar həyata keçirilir. Son dövrlərdə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini diqqətə çatdıran alim dünyanın aparıcı elmi mərkəzləri ilə birgə həyata keçirilən layihələr haqqında da məlumat verib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri, riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov hazırda rəsədxanada çalışan alim və mütəxəssislərin bu sahədə böyük elmi məktəblərin davamçıları olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir.
Agentliyin şöbə müdiri son illər ölkəmizdə elm və təhsil sisteminin təşkili, eyni zamanda, bu iki sahənin uğurlu inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin digər sahələrdə olduğu kimi astrofizika üzrə də yüksəkixtisaslı kadrların hazırlanmasına hədəfləndiyini ifadə edib. Bildirib ki, hazırda rəsədxanada çalışan gənclərin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunaraq bilik və bacarıqlarının təkmilləşdirilməsi bu istiqamətdə atılan uğurlu addımlardandır. M.Hacıbəyov bu konfransın müvafiq sahə üzrə tədqiqat aparan alim və mütəxəssislərin bilik və təcrübə mübadiləsi aparmaları, həmçinin perspektivlərin müzakirə olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi akademik Arif Həşimov Şamaxı Astrofizika Rəsədxanasının dünya astrofizika elminə töhfələr bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, bir sıra kosmik proqramlarda iştirak edən bu elm ocağında əldə olunan elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilib. Mars və Ay planetlərinə məxsus bir neçə krater zəngin elmi məktəblərin banisi olmuş rəsədxana əməkdaşlarının, habelə ədiblərimizin, görkəmli elm və mədəniyyət xadimlərinin adını daşıyır.
Rəsədxananın uzun illər AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərdiyini vurğulayan akademik A.Həşimov qeyd edib ki, hazırda da akademiya ilə rəsədxana arasında sıx əməkdaşlıq əlaqələri davam etdirilir.
Sonra bir sıra yerli və xarici qonaqların Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyi ilə bağlı təbrik nitqi dinlənilib.
Hibrid formatda təşkil olunmuş konfransda daha sonra “Günəş fizikası, Günəş və Yer əlaqələri” elmi sessiyasına start verilib. Maraqlı məruzələrin yekununda elmi diskussiyalar aparılıb.
Beynəlxalq konfrans sentyabrın 26-dək davam edəcək. Tədbir çərçivəsində keçiriləcək 8 plenar sessiyada müvafiq sahəyə dair müxtəlif mövzularda 54 elmi məruzə dinləniləcək.