SİYASƏT
Beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti: Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq konfransın iştirakçıları oktyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Konfrans iştirakçıları 1918-ci ildə Bakının bolşevik-daşnak əsarətindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış abidənin önünə, həmçinin onların adları həkk olunmuş daş kitabənin üzərinə də çiçək dəstələri düzüblər.