MƏDƏNİYYƏT
BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ QEYD OLUNMUŞDUR
Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbiri muzeyin direktoru Səadət Qarabağlı açaraq xalqımızın mədəni dəyərlərinin qorunması və gələcək nəslə çatdırılmasında muzeylərin böyük rolundan danışmışdır.
Tədbirdə S.Qarabağlının “Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri” monoqrafiyasının latın qrafikasında nəşrinin və bəstəkar Eldar Mansurovun atası, xalq artisti Bəhram Mansurovun arxivindən istifadə edərək “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” klassik operalarımızın əsasında hazırladığı və muzeyə hədiyyə verdiyi audio diskin təqdimatı olmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Hafiz Quliyev, Milli Məclisin deputatı Fəttah Heydərov, muzeyin elmi katibi Sərdar Fərəcov və başqaları çıxış edərək hər iki təqdimatın əhəmiyyətindən danışmışlar.
Tarzən Elxan Mansurovun müşayəti ilə Niyazi adına musiqi məktəbinin şagirdləri klassik operalarımızdan parçalar ifa etmişlər.