BEYNƏLXALQ SƏRGİLƏRİN YEKUNUNA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Şirkətin satış üzrə direktorunun müavini Bəhruz Hidayətzadə bildirmişdir ki, İteca Caspian bu il Bakıda 14 ixtisaslaşmış sərgi keçirmişdir ki, bunların da 4-ü ilk dəfə təşkil olunmuşdur. Bütövlükdə sərgilərdə 57 ölkədən 980 şirkət iştirak etmişdir. Bu, ötən illə müqayisədə 40 faiz çoxdur. Sərgilərə gələnlərin ümumi sayı 65 faiz artaraq, 82 mindən çox olmuşdur. Sevindirici haldır ki, yerli iştirakçıların sayı ildən-ilə artmış və regionlardan olan şirkətlərin sərgidə təmsil olunmasına şərait yaradılmışdır. Azərbaycanda keçirilən sərgilər bu il, ilk dəfə olaraq, beynəlxalq ekspertlər tərəfindən tanınmış, həmçinin keçirilmiş auditin nəticələrinə əsasən, “Xəzər” neft-qaz və neft emalı sərgisi beynəlxalq tələblərə uyğun yüksək səviyyədə təşkil olunduğu üçün Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən müsbət qiymətləndirilmişdir.
Palatanın vitse-prezidenti Mehman Əhmədov builki sərgilərin müvəffəqiyyətlə keçdiyini vurğulamış və bu beynəlxalq tədbirlərin ölkə iqtisadiyyatının inkişafına, yeni əməkdaşlıqların yaranmasına, sağlam rəqabət mühitinin formalaşmasına, ölkəyə xarici sərmayələrin axınına müsbət təsirini nəzərə çarpdırmışdır.
Sonra 2006-cı ildə keçirilməsi nəzərdə tutulan sərgilər barədə məlumat verilmiş və tədbirləri geniş işıqlandıran KİV-lər mükafatlandırılmışdır. Sərgilərlə bağlı xəbərləri dəqiq və operativ işıqlandırdığına görə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC) diplom və gələn il Gürcüstanda keçiriləcək beynəlxalq sərgidə iştirak etmək üçün dəvətnamə təqdim olunmuşdur.