Beynəlxalq təşkilatların atəşkəs haqqında indiki çağırışları növbəti ikiüzlülüyün təzahürüdür
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin əsas problemi - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün və suveren dövlət hüquqlarının bərpası məsələsidir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Lakin şuranın daimi üzvü olan böyük dövlətlər buna göz yumaraq, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasını üstün tutublar. Halbuki BMT Təhlükəsizlik Şurası 1990-cı ildə İraqa, 2011-ci ildə isə Liviyaya qarşı qəbul etdiyi qətnamələrin mürəkkəbi qurumamış onların yerinə yetirilməsini təmin edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya kafedrasının müdiri dosent Ramin Qurbanov Vətən müharibəsi və siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistana qarşı heç bir təsirli tədbirin görülməməsi nəticəsində nəinki işğal altındakı torpaqlarımız azad olundu, hətta ermənilər irəli gedərək bu ilin iyul ayında Azərbaycanın dövlət sərhədi istiqamətində növbəti təxribata əl atdılar. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olub, mülki infrastruktura isə ciddi zərər dəyib. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, Ermənistan rəhbərliyi öz ölkəsində olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışırdı. Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və mənfur qonşu məqsədinə nail ola bilmədi. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərini atəşə tutdular. Azərbaycan Prezidentinin beynəlxalq təşkilatları vaxtında məlumatlandırması onun haqlı olduğunu bir daha göstərdi və ordumuz əks-hücuma keçdi. Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair birgə bəyanat yayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə həmrəy olduqlarını bildirib. Siyasi həmrəyliyin nümunəsi olan bu addım təkcə xalqla dövlətin sıx vəhdətindən xəbər vermir, eyni zamanda, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Ali Baş Komandanın əks-hücum əmrindən sonra ordumuzun qazandığı qələbələr cəmiyyətdə ruh yüksəkliyini daha da artırıb. İndi cəmiyyətimizdə böyük ümid yaranıb ki, Qarabağa gedirik. Nəhayət 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birimiz dövlətimizin başçısı ətrafında sıx birləşərək bu döyüşdən də qalib çıxmaq üçün Ali Baş Komandanın hər bir çağırışına hazırıq. Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşları və dünya azərbaycanlıları bir daha həmrəylik nümayiş etdirirlər. Hər kəs Vətənin müdafiəsində iştirak etmək, bu işə imkan daxilində dəstək vermək şərəfinə nail olmaq istəyir. Bu həmrəylik Azərbaycan Prezidentinə Ali Baş Komandana olan inam və etimadın göstəricisidir. Hər bir azərbaycanlı anlayır ki, ölkənin ərazi bütövlüyünə aparan yol bütün ölkə əhalisinin siyasi mənsubiyyətindən asılı olmayaraq vahid lider ətrafında siyasi birliyindən başlayır.
İşğalçı Ermənistanın əsas məqsədi mövcud status-kvonu saxlamaqdır. Xalqımız dövlətimizin başçısının mövqeyini, siyasi strategiyasını dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirir. Prezident İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikri Azərbaycanın ədalətli mövqeyindən xəbər verir. Bu gün Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etmək uğrunda başladığı əks-hücum əməliyyatından narahat olan beynəlxalq təşkilatlara və dövlət başçılarına haqlı sual ünvanlayırıq: Əgər qan tökülməsindən, sülhün pozulmasından həqiqətən narahatsınızsa, niyə Ermənistan Azərbaycanın torpaqlarını işğal edən və minlərlə dinc əhalinin qətliamını törədən zaman lal, kar və kor oldunuz?! Yoxsa sizin üçün sadəcə ermənilərin həyatı qiymətlidir?! Humanizmdən, demokratiyadan dəm vuran dünya liderləri nə üçün Azərbaycan xalqının məruz qaldığı haqsızlığa 30 ildir göz yumur?! Məhz onların laqeydliyi və təcavüzkarı öz adı ilə adlandırmaması, ona qarşı beynəlxalq hüquqdan irəli gələn tədbirləri görməməsi ucbatından regionda hələ də sülh bərqərar ola bilmir. Əgər bu gün regionda hələ də qan tökülürsə, bunun birbaşa günahkarı təcavüzkar Ermənistanla yanaşı, həmçinin beynəlxalq hüquqa əməl olunmasını təmin etməyən və ya etmək istəməyən beynəlxalq təşkilatlardır. Odur ki, onların atəşkəs haqqında indiki çağırışları da növbəti ikiüzlülük təzahürüdür.