Bəzi Avropa qurumlarının Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır
AZƏRTAC xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkəmizin Avropa strukturları ilə sıx əməkdaşlıq etdiyini və Avropaya inteqrasiya istiqamətində daim irəlilədiyini söyləyib.
Dağlıq Qarabağ münaqişəsindən danışan S.Novruzov bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib və onların hüquqları kobudcasına pozulub. Lakin təəssüf ki, beynəlxalq ictimaiyyət belə ciddi bir məsələyə biganə münasibət nümayiş etdirir. Bu günlərdə Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı əsassız, qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür.
S.Novruzov A.Brasörün cəbhə bölgəsində həlak olmuş günahsız insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməsini məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri təəssüflə bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Həmin qurumlar 20 ildən çox müddətdə ərazilərimizin bir qismini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də bu təşkilatların hər hansı mövqeyi artıq Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur.
AŞPA-nın sədri Ann Brasör Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti və onların iş prinsipləri ilə maraqlanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.