Bəzi üzv ölkələr arasındakı münaqişələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində daha bir görüşü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides ilə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə təəssüflə qeyd edilib ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir.
Nazir Elmar Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrastrukturuna dair məlumat verib.
Baş katib Maykl Kristides bildirib ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək Yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.