BHMAC-ın nümayəndəsi: Mina problemi ilə üzləşən bütün ölkələrlə təcrübəmizi bölüşməyə hazırıq VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın minatəmizləmə sahəsində əldə etdiyi nəticələr olduqca uğurludur. Biz də Bosniya və Herseqovinada minalanmış ərazilərin təxminən 80 faizini təmizləmişik. Bu sahədə böyük təcrübəyə malikik.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Minatəmizləmə Mərkəzinin (BHMAC) nümayəndəsi Enis Horozovic jurnalistlərə açıqlaması zamanı deyib.
“Bosniya və Herseqovinanın minatəmizləmə təşkilatları, eləcə də Minatəmizləmə Mərkəzi mina problemi ilə üzləşən bütün ölkələrlə, həmçinin Azərbaycanla öz təcrübəsini bölüşməyə hazırdır. Eyni zamanda, Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini öyrənmək istərdik. Çünki Azərbaycanın bu istiqamətdə, həqiqətən də, möhtəşəm nəticələr əldə etdiyinin şahidi olmuşuq”, -deyə Enis Horozovic vurğulayıb.