Biləsuvarda “Nəbi Xəzri – 100” adlı ədəbi-bədii gecə keçirilib







Biləsuvar, 6 fevral, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda Xalq şairi, dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Nəbi Xəzrinin Azərbaycan poeziyasına gətirdiyi yeniliklərdən söz açıblar. Bildirilib ki, şairin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının deyil, həm də milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Onun şeirlərində və poemalarında Vətən sevgisi, azadlıq ruhu, insana və təbiətə dərin bağlılıq öz əksini tapır. O, poeziyada insan qəlbinin dərinliklərini açmaqla yanaşı, bədii ifadə vasitələrini yenilikçi üslubda təqdim etməyi bacaran sənətkarlardan olub.
Prezident İlham Əliyevin Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Şairin lirikasının yüksək humanizm, vətəndaşlıq qayəsi və milli koloriti ilə seçildiyi vurğulanıb.
Ədəbi-bədii gecədə Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdləri çıxışlar ediblər. Şairin sevilən şeirləri səsləndirilib, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən onun sözlərinə yazılmış mahnılar ifa olunub.