Biləsuvarda “Təmiz Bolqarçay” devizi ilə təmizlik marafonuna start verilib
Biləsuvar, 17 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 17-də Biləsuvar rayonunda "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin təşəbbüsü və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Təmiz Bolqarçay" devizi ilə ikigünlük təmizlik marafonuna start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Özümüz təmizləyək ki, bir daha çirkləndirməyək!" şüarı ilə başlayan marafonun keçirilməsində məqsəd Biləsuvar rayonunun mərkəzindən keçən Bolqarçayın təmizlənməsi və çay ətrafında yaşayan sakinlərin maarifləndirilməsidir.
İki gün davam edəcək marafonun davamı olaraq "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin könüllüləri tərəfindən rayon ərazisində müəyyən edilmiş məkanlarda ağacəkmə aksiyası da keçiriləcək.