CƏMİYYƏT
Bilgəh qəsəbəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxsdə 42 kiloqram marixuana aşkarlanıb VİDEO
Bakı, 27 iyun, AZƏRTAC
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Bayram Sadıxov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyətindəki istixanaya baxış keçirilən zaman xüsusi qulluq edilərək yetişdirilən 1131 çətənə kolu aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kiloqram marixuana da aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq və həm də şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bayram Sadıxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.