Biofizika İnstitutunda elmi-tədqiqat proqramları ilə bağlı müzakirələr aparılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun qonağı olublar. İnstitutun direktoru professor Oktay Qasımov və laboratoriya müdirləri qonaqları müəssisədə aparılan elmi-tədqiqat işləri, həyata keçirilən beynəlxalq və milli layihələr, həmçinin əldə olunan elmi nailiyyətlər barədə ətraflı məlumatlandırıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaqlar institutun laboratoriyaları ilə yaxından tanış edilib, aparılan elmi araşdırmalar barədə məlumat alıblar. Alimlər üçün yaradılan yüksəksəviyyəli iş şəraiti və elmi araşdırmaların keyfiyyətinin artırılmasına yönəldilmiş infrastruktura xüsusi diqqət yetirilib. Qonaqlar elmi fəaliyyətin effektivliyinin artırılmasına xidmət edən bu şəraiti yüksək qiymətləndirərək institutun elmi potensialını təqdir ediblər.
Daha sonra qonaqlar institutda icra olunan elmi-tədqiqat proqramlarının müxtəlif aspektləri ilə bağlı ətraflı müzakirələr aparıblar. Laboratoriyalarda çalışan alim və tədqiqatçılar yerinə yetirdikləri işlər barədə ətraflı məlumat verərək, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması və tətbiq sahələri haqqında danışıblar.
Qonaqlar Biofizika İnstitutunun innovativ yanaşmaları, elmi-texnoloji avadanlıqların istifadəsi və tədqiqatların tətbiqi əhəmiyyətinə dair dərin təəssüratlar əldə ediblər. Eyni zamanda, institutda aparılan işlərin ölkənin elmi inkişafına və qlobal səviyyədə biofizika sahəsindəki tədqiqatlara töhfə verəcəyi xüsusi qeyd olunub.
Görüşdə, həmçinin COP29 tədbiri ilə bağlı məsələlər müzakirə olunub. Qonaqlar Biofizika İnstitutunun qlobal iqlim dəyişikliyi və ətraf mühitin ekoloji çirklənməsi və bunların insan sağlamlığına təsiri sahəsində apardığı elmi tədqiqatlar, həmçinin bu mövzuda həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri ilə tanış olublar. COP29 çərçivəsində qlobal iqlim dəyişikliyi və ekoloji çirklənmə ilə mübarizədə biofizikanın əhəmiyyətinə və institutun bu istiqamətdə tədqiqatlara verdiyi töhfələrə xüsusi diqqət yetirilib. Laboratoriyalarda aparılan araşdırmaların iqlim dəyişikliyinin ekosistemlərə və bioloji sistemlərə təsirlərini anlamaq baxımından mühüm olduğu vurğulanıb.