Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş təşkil edib
Bakı, 17 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti Bakı Dövlət Universitetində (BDU) maarifləndirici görüş keçirib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri görüşdə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı son dövrlər ETSN ilə fakültənin uğurlu əməkdaşlığı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, fakültənin tələbələrinin nazirliyin müxtəlif strukturlarında təcrübə keçmələrinə şərait yaradılır, sahilyanı ərazilərdə birgə təmizlik aksiyaları keçirilir.
Xidmətin rəis müavini Rəşad Allahverdiyev, əməkdaşları Nigar Yusifli və Fəridə Kərimova bioloji müxtəlifliyin qorunmasına dair təqdimatlar ediblər. Çıxışlarda Azərbaycanın milli parkları, yasaqlıq və qoruqları, son dövrlər ekoturizmin inkişafı ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, həyata keçirilən reintroduksiya layihələri, Xəzər dənizinin biomüxtəlifliyi, balıq və digər su bioresurslarının artırılması, ovu və akvakultura, ovçuluq təsərrüfatlarının xüsusiyyətləri, geoloji park layihələri haqqında danışılıb. Qeyd olunub ki, hazırda ölkə ərazisində 10 milli park, 10 qoruq, 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu, ölkə ərazisinin 10, 3 faizini əhatə edir. Xidmətin əsas məqsədlərindən biri də tələbələri zəngin təbiətimizlə, bu ərazilərin unikallığı ilə tanış etmək, maarifləndirməkdir.
Sonra suallar cavablandırılıb, gələcəkdə birgə tədbirlər planının hazırlanması üçün səmərələşdirici təkliflər səsləndirilib.