Bir qrup şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib
Bakı, 17 dekabr, AZƏRTAC
Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində də dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanılmış müqavilələr əsasında artıq 125 nəfər şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır. Göndəriş verilənlərdən 24-ü ilə əmək müqaviləsi bağlanılıb, qalanları ilə qısa müddətdə müqavilələr bağlanılacaq.
Proqramda iştirak etmək üçün son günlərdə 58 işəgötürən müraciət edib. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərdən artıq 35-i ilə müqavilə imzalanıb. İşəgötürənlərin proqrama müraciətləri, həmçinin onlarla müqavilələrin imzalanması və göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.
Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.
Proqram üzrə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.