BİŞKEKDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə mərasim keçirmişdir.
Tədbirdə Qırğızıstanda yaşayan Azərbaycan və türk diasporlarının üzvləri, qardaş qırğız xalqının ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
Mərasimə toplaşanları Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev salamlayaraq qeyd etmişdir ki, bu gün ilk dəfə 1991-ci ildə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında keçirilmiş, sonra isə Azərbaycan Milli Məclisi həmin bayramın ölkəmizin bütün ərazisində qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə bütün sahələrdə aparılan böyük quruculuq işləri haqqında məlumat verərək əmin olduğunu bildirmişdir ki, bundan sonra da Azərbaycanla Qırğızıstan arasında əlaqələrin səviyyəsi durmadan inkişaf edəcəkdir.
Dünya şöhrətli yazıçı Çingiz Aytmatov, Qırğızıstan Prezidentinin müşaviri Bolat Şəmşiyev, Bişkekdəki “Azəri” Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev və başqaları dünya azərbaycanlılarının həmrəyliyi və birliyi baxımından bu bayramın böyük əhəmiyyəti olduğunu qeyd etmişlər.
Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun prezidenti Nüsrət Məmmədov bildirmişdir ki, Fond tərəfindən 2008-ci il bütün türkdilli dövlətlərdə Heydər Əliyev irsinin təbliği ili elan edilmişdir və bununla əlaqədar müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Sonra o, qurumun fəaliyyətinə dəstək verdiklərinə görə Bolat Şəmşiyevə, Akif Allahverdiyevə və soydaşımız Xanoğlan Hüseynova Fondun fəxri diplomlarını təqdim etmişdir.
Sonra iştirakçılara ziyafət verilmiş, mərasim böyük konsert proqramı ilə başa çatmışdır.