Bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində monitorinqlər davam edir
Bakı, 8 dekabr, AZƏRTAC
Respublika ərazisində fitosanitar sabitliyin qorunması, xüsusilə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminin davam etdiyi hazırkı şəraitdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitki və bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər mütəmadi olaraq davam etdirilir. Eyni zamanda agentlik əməkdaşları respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin ölkə ərazisində yayılmasının qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirirlər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) “Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartları”na uyğun olaraq bitkilərin sağlamlığının izlənilməsi və nəzarət üzrə effektiv sistemin yaradılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitki sağlamlığı ilə bağlı risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi sahəsində reydlər keçirilir.
Belə ki, agentliyin əməkdaşları noyabrın 2-dən dekabrın 4-nə kimi ölkə üzrə 474 bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən təsərrüfat subyektində 566 monitorinq aparıblar. Monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarının istehsal və saxlanma sahəsində fəaliyyət göstərən sahibkarlar mövcud zərərli orqanizmlər, onlara qarşı mübarizə üsulları, pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydaları və pestisidlərin tətbiqi reqlamentinə düzgün əməl edilməsi barədə yerində məlumatlandırılıb, həmçinin uyğunsuzluq aşkarlanan istehsal sahələrində sağlamlaşdırıcı tədbirlərin aparılması üçün tövsiyələr verilib.
Reyd keçirilən təsərrüfat subyektlərindən 277 nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib, prioritet məhsullardan olan pomidor becərilən 117 istehsal sahəsində, xurma becərilən 164 istehsal sahəsində 9 halda (xurma, alma və pomidorun istehsal sahələrində) karantin tətbiq edilən zərərvericilər aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarları bitki sağlamlığının təmin olunması məqsədilə bitki və bitkiçilik məhsullarının istehsal sahələrində nəzərdə tutulmuş qaydalara düzgün əməl etməyə və uyğunsuzluq aşkarlanan istehsal sahələrində sağlamlaşdırıcı tədbirlərin aparılmasına ciddi şəkildə riayət etməyə çağırır.