“Biz fermerlərin əsas vəzifəsi əhalinin qidaya olan tələbatını ödəməkdir” - bərdəli fermer
Bakı, 11 aprel, AZƏRTAC
Hazırda yaz tarla işlərinin qızğın dövrüdür. Bütün sahələrdə alaq otlarına qarşı mübarizə aparılır. Əkin sahələrinə gübrə səpilir, suvarma işləri görülür.
Bərdə rayonundan olan toxumçu fermer İkram İsgəndərov AZƏRTAC-a bildirib ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunsa da, Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Çünki aqrar sahə insanların ərzaqla təminatında önəmli yer tutur. Bu baxımdan kənd təsərrüfatında işlər gecikməməlidir.
Fermer bildirib ki, aqrar sahədə çalışan hər bir vətəndaşın əsas vəzifəsi əhalinin qidaya olan tələbatını ödəməkdir. Sahələrdə işləyənlərin hər birinin tibbi maska və əlcəklə təmin olunduğunu deyən İ.İsgəndərov vurğulayıb ki, işçilər sahələrdə sosial məsafə saxlamaqla çalışırlar.
O, hazırda taxıl əkini sahələrində dərmanlama və suvarma işlərinin görüldüyünü bildirərək, məhsuldarlığın yüksək olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir.
Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.