“BİZ MEYDANÇAYA QOL VURMAQ, QALİB GƏLMƏK ÜÇÜN ÇIXACAĞIQ”
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 24-də AFFA-nın inzibati binasında keçirdiyi mətbuat konfransında Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts demişdir.
Jurnalistlərin suallarını cavablandıran Berti Foqts bildirmişdir ki, Bakıda olduğu müddətdə Premyer Liqa və ölkə kuboku çərçivəsində bir neçə oyunu izləmişdir. Almaniyalı mütəxəssis futbolçuların səviyyəsindən razı qalmadığını bildirmişdir. B.Foqts demişdir: “Futbolçular öz səviyyələrini artırmalıdırlar. Matçlara baxarkən yaxşı sürət görmədim, bu beynəlxalq futbolda mühüm amil hesab olunur. Oyunçular gündə 1 dəfə məşq etməklə kifayətlənməməlidirlər. Onlar gündə ən azı 2 dəfə məşqə çıxmalıdırlar. AFFA-ya təqdim etdiyim ikiillik proqramda çoxlu təlim-məşq toplanışları və yoldaşlıq görüşlərinin keçirilməsi barədə fikirlər öz əksini tapıb”.
Baş məşqçi vurğulamışdır ki, Azərbaycan klublarında forma geyən əcnəbilərin gələcəkdə “milliləşdiriləcəyi” istisna deyil. Artıq bir neçə futbolçu nəzərimi cəlb etmişdir. Lakin heç kimə konkret təklif göndərməmişik. Komandaların məşqçiləri ilə söhbət etdikdən sonra qərarımızı verəcəyik. B.Foqts demişdir ki, əcnəbi futbolçulardan bəzilərinin milli komandaya cəlb olunması məqsədəuyğun olardı, lakin onların Azərbaycan pasportu yoxdur. İstənilən halda, yığmanın formasını geyməyə razılıq verən əcnəbi bütün hissiyyatı, mənəviyyatı ilə buna hazır olmalıdır.
Berti Foqts hücum futbolu nümayiş etdirməyin, çoxlu qol vurmağın vacibliyini söyləmişdir. O demişdir ki, Azərbaycan futbolçuları daha çox müdafiəyə üstünlük verirlər. Futbol ortaya çıxıb gəzmək deyil. Oynamaq, qələbə qazanmaq naminə mübarizə aparmaq deməkdir. Biz meydançaya qol vurmaq, qalib gəlmək üçün çıxacağıq. Bir və ya iki qol vurmaqla, işimizi bitmiş hesab etməməliyik.
Azərbaycan milli yığma komandası üzvlərinin Almaniyada fiziki testdən keçəcəklərini söyləyən baş məşqçi qeyd etmişdir ki, Bakıda yeni meydançaların inşası üçün yaxşı imkanlar vardır.
İyunun 1-də Bosniya və Herseqovinaya qarşı keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bildirən almaniyalı mütəxəssis demişdir ki, rəqibi səfərdə məğlub etmək asan məsələ deyil. Bununla belə, debütdə qənaətbəxş nəticə əldə edəcəyimizə inanıram.
######
